CƏMİYYƏT
Respublika Gənclər Kitabxanası narkomaniyaya qarşı mübarizəyə dair maraqlı materiallar hazırlayıb
Bakı, 26 iyun, AZƏRTAC
Bəşəriyyətin ən dəhşətli, fəsadları acınacaqlı, çox zaman ölümlə nəticələnən problemlərindən olan, cəmiyyətin, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT Baş Assambleyası tərəfindən 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan olunub.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar narkomaniyanın fəsadları və bu sosial bəlaya qarşı mübarizəyə dair maraqlı materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, “XXI əsrin bəlası - narkomaniya” adlı metodik biblioqrafik vəsait, “Narkomaniyaya “YOX” deyək!” və “Narkomaniyaya qarşı mübarizə” adlı videoçarxlar bütün dünyada və həmçinin Azərbaycanda da ictimaiyyətin, xüsusilə yeniyetmə və gənclərin həyatının böyük bəlasına çevrilən narkomaniya probleminə həsr olunub. Metodiki vəsait Azərbaycan və rus dillərində tərtib edilərək beş bölmə və onlara müvafiq alt bölmələrdən ibarətdir. Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq üçün bölmələr üzrə Azərbaycan və rus dilində kitablar nəşr ilinə görə, daxildə əlifba ardıcıllığı ilə, dövri mətbuatda çıxan məqalələr isə nəşr ili üzrə daxilidə əks xronoloji qaydada yığılıb. Vəsaitdə 233 təsvir (Azərbaycan dilində 178 (64 kitab, 114 dövri mətbuat), rus dilində 55 (33 kitab 22 dövri mətbuat çıxan məqalələrin) təsvir təqdim olunur.
Həmin mövzuda hazırlanmış iki videoçarx isə izləyicilərin diqqətinə təqdim edilir. Videoçarxlarda narkomaniya terminin izahı, narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları haqqında ətraflı məlumat verilir. Videoçarxlarda bu mövzuya beynəlxalq baxış və ölkəmizdə olan cari vəziyyət haqqında danışılır. 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününün təsis edilməsi tarixindən və Azərbaycanda bu sahədə atılan ciddi addımlar, narkomaniya ilə mübarizə mövzusunda qəbul edilən Dövlət Proqramı və digər rəsmi sənədlərdən bəhs edilir. “Ağ ölüm” olan narkomaniya mövzusunda hazırlanan bütün materiallarda bu ümumbəşəri faciənin insan sağlamlığına vurduğu ciddi zərbə, narkotik vasitələrdən asılılığın necə ağır fəsadlara səbəb olması haqqında tam dolğun məlumat verilir.