CƏMİYYƏT
Respublika çaylarında suyun səviyyəsi azalıb
Bakı, 11 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-100 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, fevralın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 107 kubmetr olmaqla ongünlük normanın 63 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 91 faizinə bərabərdir.
Fevralın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3, Salyanda 19, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 15 santimetr azalıb. Şirvan məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 411, Şirvanda 295, Salyanda 246, Bankədə 227, Araz çayının Novruzlu məntəqəsində isə 135 santimetrə bərabərdir.