SİYASƏT
Rifat Hisarcıklıoğlu: Naxçıvan türk dünyası üçün çox mühüm strateji əhəmiyyətə malik bir məkandır
Naxçıvan Azərbaycan, Türkiyə və ümumilikdə türk dünyası üçün çox mühüm strateji əhəmiyyətə malik bir məkandır. Muxtar respublikanın sürətli inkişafı, tərəqqisi, gündən-günə gözəlləşməsi hər birimizi ürəkdən sevindirir, bizə qürur bəxş edir.
Bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının Naxçıvan şəhərində keçirilən 3-cü toplantısının iştirakçısı, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu AZƏRTAC-a müsahibəsində söyləyib.
R.Hisarcıklıoğlu Naxçıvan Muxtar Respublikasının bu il 90 illik yubileyini çox böyük nailiyyətlərlə qeyd etdiyini bildirərək vurğuladı ki, ulu əcdadlarımız bu qədim diyarı düşməndən qorumaq üçün həmişə birlik nümayiş etdirib, əl-ələ, çiyin-çiyinə mübarizə aparıblar. Türk dünyasının böyük oğlu, ulu öndər Mustafa Kamal Atatürk Naxçıvanı “Türk qapısı”, “Şərqin qapısı” adlandırıb və gələcək nəsillərə onun qorunmasını vəsiyyət edib. Bu gün Naxçıvan türk dünyasının alınmaz qalası kimi düşmənə göz dağıdır.
“Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası hər sahədə sürətlə inkişaf edir və bu inkişaf özünü muxtar respublikanın timsalında bariz şəkildə büruzə verir”, - deyən Rifat Hisarcıklıoğlu əlavə etdi ki, Azərbaycanın əbədi dostu, əvəzsiz strateji müttəfiqi olan Türkiyə də özünün yüksəliş dövrünü yaşayır. Ölkənin iqtisadiyyatı güclənir, türk iş adamları dünyanın müxtəlif ölkələrində həyata keçirilən çox mühüm iqtisadi layihələrdə uğurla iştirak edirlər. Bu gün Türkiyə artıq regionun sənaye nəhənginə çevrilib. Onun ixrac etdiyi sənaye malları Avropanın qabaqcıl ölkələrində çox böyük rəğbətlə qarşılanır.