ELM VƏ TƏHSİL
Riyaziyyat və Mexanika İnstitutunda türkiyəli və ukraynalı alimlərlə əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş, Koç Universitetinin professoru Varqa Kələntarov və Mersin Universitetinin riyaziyyat departamentinin müdiri professor Fəxrəddin Abdullayev, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professoru Viktor Savçuk ilə görüş olub.
Bu barədə AZƏRTAC-a AMEA-da məlumat verilib.
Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi elmi müəssisənin riyaziyyat və mexanika sahələrində optimal idarəetmə, cəbr və riyazi məntiq, fənlər həllinin hesablama-informasiya texnologiyaları və digər əsas elmi istiqamətlərindən danışıb. Alim, eyni zamanda, institutda aparılan multidisiplinar tədqiqatlar, elmtutumlu layihələr, əldə olunan mühüm elmi nəticələr və kadr hazırlığı barədə ətraflı məlumat verib və müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması, elmi müəssisələr arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində qeyd edilən ölkələrin elmi institut və tədqiqat mərkəzlərinin faydalı əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi, qarşıda duran prioritet elmi-tədqiqat istiqamətləri müzakirə olunub.
Qonaqlar Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşərək yaradılacaq elmi əlaqələrin səmərəliyinə əminliklərini ifadə ediblər.