İDMAN
Ross Ecli Böyük Britaniyanın ətrafında üzərək tam dövrə vurmuş ilk insandır
Bakı, 5 noyabr, AZƏRTAC
Britaniyalı Ross Eclinin adı üçüncü dəfə Ginnesin rekordlar kitabına düşüb. Bazar günü o, tarixdə ilk dəfə olaraq Böyük Britaniya adasının ətrafında üzərək tam dövrə vurub.
AZƏRTAC “Sky News” telekanalına istinadla xəbər verir ki, 33 yaşlı Ecli bu il iyunun 1-də Marqit şəhərindən yola düşüb və saat əqrəbi istiqamətində hərəkət etməklə adanın ətrafında dövrə vurmağa başlayıb. Bu yolda onu dənizçi Mətyu Nayd katamaranla müşayiət edib. Ross həmin katamaranda istirahət edir və gecələyirdi. Bu müddətdə Ecli bircə dəfə də sahilə çıxmadan gündə 12 saat suda olub. Ross 157 gün ərzində Şimal dənizinin La-Manş boğazının, İrlandiya dənizinin və Atlantik okeanın özünün suları ilə üzərək (əslində həmin dənizlər və boğaz da okeana aiddir) 1791 dəniz mili (3317 kilometr) məsafə qət edib və beş aydan çox bundan əvvəl start götürdüyü Marqit çimərliyində finişə çatıb.
Eclinin sözlərinə görə, bu yolda günəş çıxan və batan vaxtlarda heyrətamiz gözəlliklərin müşahidə edilməsindən başlamış, meduzalarla təmas zamanı sifətində yanıqlar əmələ gəlməsinə qədər çox müxtəlif hisslər yaşayıb. Rekord üzmə müddətində Ross 500 mindən çox kalori itirib və sərf olunmuş enerjini bərpa etmək üçün 640-dan çox banan yeyib.
Ecli Ginnesin rekordlar kitabına ilk dəfə 2016-cı ilin fevral ayında düşüb. O vaxt Ecli 19,5 saat ərzində 42 kilometrlik marafon məsafəsini qət edib və çəkisi 1,4 ton olan avtomaşını burazla öz arxasınca dartıb. İki aydan sonra isə o, 19 saat ərzində ikinci rekord müəyyən edib. Bu zaman o, kanatla dırmaşaraq öz bədənini ümumilikdə Everestin hündürlüyünə (8848 metr) bərabər yüksəkliyə qaldırıb.