İDMAN
“Rusiya 2018”: “C” qrupunda ikinci turun son oyunu başlayıb
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizinci gününün ikinci oyununda “C” qrupunda yer alan Fransa və Peru milliləri qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, bu qrupda ikinci turun son oyunu “Yekaterinburq Arena” stadionunda keçirilir. Oyun İdman Azərbaycan telekanalında yayımlanır.
Fransalıların start heyətində Uqo Loris, Rafayel Varan, Samuel Umtiti, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Antuan Qrizman, Blez Matuidi, Kilyan Mbappe, Olivye Jiru meydana çıxıblar. Peru millisində start heyətində isə Pedro Qalyes, Kristian Ramos, Alberto Rodriqez, Luis Advinkula, Miqel Trauko, Pedro Akino, Yosimar Yotun, Andre Karilyo, Edison Flores, Kristian Kuyevo, Paolo Qerrero yer alıblar.
Xatırladaq ki, Fransa ilk turda Avstraliya yığmasına qalib gəlib (2:1). Peru isə Danimarka millisinə minimal hesabla məğlub olub (1:0). Peru futbolçuları növbəti mərhələyə çıxmaq şansını itirməmək üçün bu görüşdə mundialın favoriti sayılan Fransa millisi üzərində qələbə qazanmalıdır. Bu qrupda ikinci turun digər oyununda Danimarka yığması Avstraliya millisi ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.
Dünya çempionatına 36 illik fasilədən sonra vəsiqə qazanan Peru yığması dünya çempionatlarında heç vaxt Fransa ilə qarşılaşmayıb. Peru millisinin dünya çempionatlarında ən yüksək göstəricisi iki dəfə dörddəbir final mərhələsinə yüksəlməsi olub (1970, 1978).
Qrup mərhələsinin üçüncü turunda Peru Avstraliya ilə, Fransa isə Danimarka ilə qarşılaşacaq.