DÜNYA
Rusiya Prezidenti “Türk axını” boru kəmərinin tikintisinə start verib
Moskva, 23 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin tikintisi ilə məşğul olan “Pioneering Spirit” gəmisinə gəlib. Rusiya rəhbəri qaz kəmərinin Qara dənizin dibi ilə salınan hissəsinin inşasına start verib.
İsveçrənin “Allseas” şirkətinə məxsus, uzunluğu 477 metr olan “Pioneering Spirit” gəmisi “Türk axını” kəmərinin dərin sulardan keçən hissəsinin inşasına cəlb olunub.
Xatırladaq ki, Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi 2016-cı ildə imzalayıblar. Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin dənizdən keçən hissəsinin tikintisinə mayın 7-də başlayıb.
Boru kəməri Qara dənizdən keçməklə Türkiyənin Avropa hissəsini və Yunanıstanı əhatə edəcək. İki xətdən ibarət boru kəmərinin bir istiqaməti Türkiyə, ikinci qolu isə Cənubi və Cənub Şərqi Avropa üçün nəzərdə tutulub. Hər istiqamət üzrə ildə 15,75 milyard kubmetr qaz ixrac ediləcəyi ehtimal olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva