REGİONLAR
Rusiya səfiri: Xurma festivalı kənd təsərrüfatı məhsullarının nümayiş olunduğu el bayramıdır VİDEO
Balakən, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakəndə keçirilən möhtəşəm xurma festivalında iştirak etdiyimə görə çox şadam. Bu festival qardaş və dost ölkə olan Azərbaycanın kənd təsərrüfatı məhsullarının nümayiş olunduğu böyük bir el bayramıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Balakəndə keçirilən II Beynəlxalq xurma festivalı zamanı jurnalistlərə müsahibəsində deyib.
Günəşli bir gündə keçirilən festivalda xurmanın müxtəlif formalarda təqdim olunmasının xoş təəssürat yaratdığını vurğulayan səfir bildirib ki, burada, həmçinin xurmadan hazırlanan gözəl qida məhsulları da nümayiş etdirilir və bu, çox maraqlıdır: “Belə bir gözəl xurma festivalının keçirilməsi Azərbaycan xalqının xoşbəxt rifahının rəmzidir. Əminəm ki, bu bayramda iştirakım həm də bizim gözəl münasibətlərimizin bir göstəricisidir”, - deyə Rusiya səfiri bildirib.