DÜNYA
SƏDDAM HÜSEYNİN SARAYLARINDAN TALANMIŞ ƏŞYALAR DƏYƏR-DƏYMƏZİNƏ SATILIR
AZƏRTAC-ın ərəb informasiya mənbələrindən aldığı xəbərə görə, İraqın sabiq prezidenti Səddam Hüseynin saraylarından talanmış əşyalar qeyri-rəsmi hərraclarda satışa çıxarılır. “Əz-Zaman” qəzeti yazır ki, fevralın 20-də Bağdadın Rədvaniyyə rayonunda sabiq prezidentin xəz papağı 50 dollara, dəyəri 63 min dollar olan xəz mantosu isə cəmi 800 dollara satılmışdır.
Qəzetin məlumatına görə, müharibə qurtardıqdan sonra Bağdadda və İraqın digər şəhərlərində nəinki 22 prezident sarayı, həm də bütün rəsmi idarələr, yüksək vəzifəli məmurların evləri, muzeylər, mağazalar, banklar və anbarlar kütləvi surətdə talan edilmişdir. Yağmalanmış əmlakın ümumi dəyəri 50 milyard dollardır.
Son 50-60 ildə İraq bu cür kütləvi talanlara üç dəfə məruz qalmışdır: ötən əsrin 40-cı illərinin axırlarında İsrailə köçən yəhudilərin evləri talan edilmiş, 1958-ci ilin iyulunda bağdadlılar “Ər-Rihab” kral sarayına və saray əyanlarının evlərinə “süpürgə çəkmişlər” və nəhayət, indiki müharibə qurtardıqdan sonra, 2003-cü ilin aprelində talanlar kütləvi hal almışdır.