İDMAN
ŞAHMAT FEDERASİYASI İDMANÇILARA XÜSUSİ TƏQAÜDLƏR VERƏCƏKDİR
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, kişi və qadınlardan ibarət milli yığma komandalarımızın üzvləri, eləcə də dünya və Avropa çempionatlarında medal qazanmış idmançılarımız, şahmat veteranları və məşqçilər, ölkə çempionatında fərqlənənlər federasiyanın xüsusi təqaüdlərini alacaqlar.
Təqaüdçülər arasında ən gənci Avropa çempionatının bürünc medalçısı, 11 yaşlı Səbinə İbrahimova, ən yaşlısı isə şahmat veteranı, 65 yaşlı Oleq Pavlenkodur.
Gənclər və İdman Nazirliyi noyabrda İtaliyanın Turin şəhərində keçiriləcək Şahmat Olimpiadasında milli yığma komandamızın iştirak etməsi üçün də maliyyə vəsaiti ayırmışdır.
Xatırladaq ki, idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti nəticəsində Şahmat Federasiyasının maddi-texniki bazası da möhkəmlənməkdədir. Beynəlxalq Bankın köməyi ilə federasiya üçün hazırlanmış yeni ofis binası yaxın günlərdə istifadəyə veriləcəkdir.