İDMAN
ŞAHMAT SPARTAKİADASI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 31-də “Odlar Yurdu” Universitetində Nərimanov rayonu məktəbliləri arasında görkəmli Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Aydın Hüseynovun xatirəsinə həsr olunmuş şahmat spartakiadası başlamışdır.
Açılış mərasimində Nərimanov rayonu İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov turnir iştirakçılarına uğurlar arzulamışdır. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, məşqçi Kamil Abışov milli şahmat məktəbinin inkişafında Aydın Hüseynovun xidmətindən danışaraq, onun 58 saylı orta məktəbdə gənc şahmatçılara verdiyi oyun seansını xüsusi vurğulamışlar.
Şahmat üzrə 14 dəfə respublika çempionu Elmira Əliyeva ömür-gün yoldaşının xatirəsinin bu cür yüksək səviyyədə yad olunduğuna görə minnətdarlığını bildirmiş, gənc şahmatçıları bu qədim oyunun sirlərinə dərindən yiyələnməyə çağırmışdır.
Dörd gün davam edəcək yarışlarda 18 məktəbin şagirdləri iştirak edirlər.