MƏDƏNİYYƏT
ŞAİRİN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair-oftalmoloq Paşa Qəlbinurun yeni iki -“Ağlıma gələnlər başıma gəldi” və “Təbabət poeziyanın fəlsəfi əyyarı kimi və ya maye işıq” kitabının təqdimat mərasimi keçirilmişdir.
Şair Əjdər Ol tədbiri açaraq P.Qəlbinuru tanınmış göz həkimi, elm adamı olduğundan bir qədər də artıq söz adamı kimi dəyərləndirmiş, hər iki sahədə uğur qazandığını vurğulamışdır. Bildirmişdir ki, şairin əsərlərindəki qəhrəmanlar kimliyindən asılı olmayaraq özünün sonsuz səmimiyyəti ilə yadda qalır, qəlblərə yol tapır.
Tədbirdə çıxış edənlər demişlər ki, şairin poeziyasındakı bir obraz da onun sənətindən gələn “işıq”dır. Hissiyyatlı oxucu şairin şerlərinin çoxunda bu nuru, işığı görə bilər. P.Qəlbinurun yaradıcılığına istinadən onu yurd təəssübü çəkən, torpağına bağlı vətəndaş, incə, kövrək şair kimi qiymətləndirən natiqlər kitabda oxuculara ünvanlanmış şerlərin özünəməxsus məziyyətlərindən ətraflı söz açmışlar.