SİYASƏT
SƏNAYETEXBANK VƏ MBANKIN BİRLƏŞMƏSİ BAŞA ÇATMIŞDIR
Sənayetexbankın və Mbankın bazasında yaradılan yeni birləşmiş bankın Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi və onun fəaliyyəti üçün Azərbaycan Milli Bankından lazımi sənədlərin alınması proseduru başa çatmışdır. Yeni bank öz fəaliyyətini Mbankın bazasında həyata keçirir, Sənayetexbank isə “STB”nin filialına çevrilmişdir.
Oktyabrın 21-dən Sənayetexbankın və Mbankın müxbir hesabları və balansları birləşdirilmişdir. Bankın ödənilmiş nizamnamə fondu 4 milyon ABŞ dolları, birləşdirilmiş kredit portfeli 34,5 milyard manat, aktivləri isə 56,2 milyard manatdır. Əsas göstəricilərə görə, bank respublikanın beş aparıcı kommersiya bankı sırasına daxil olacaqdır. Bank öz fəaliyyətində özəl sektorda, kiçik və orta biznesdə layihələrin maliyyələşdirilməsinə öncül yer vermək niyyətindədir.
Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının birləşmiş bankın kapitalında 20 faizlik payla iştirakı barədə danışıqlar aparılır. Yeni banka AYİB tərəfindən 1,25 milyon dollar məbləğində kredit ayrılması haqqında müqavilənin imzalanması prosesi başa çatmaqdadır. Həmin vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Bankın yeni adı məsələsinə ilin sonunadək baxılacaqdır.