SİYASƏT
SEÇKİ KOMİSSİYALARI PEŞƏKARLARDAN FORMALAŞDIRILMALIDIR
Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova seçki komissiyalarının bəzi siyasi partiyalardan formalaşdırılması təklifinə münasibət bildirərkən demişdir.
Bahar Muradova AZƏRTAC-ın müxbirinə müsahibəsində qeyd etmişdir ki, ümumiyyətlə, seçki komissiyalarının üzvləri hər hansı bir siyasi partiyanın üzvü olmasa, daha yaxşıdır. Çünki bu gün ölkəmizdə çoxlu sayda partiyalar vardır və onların gücləri, imkanları, sosial bazaları kifayət qədər fərqlidir. Bu baxımdan, onların heç də hamısı Azərbaycanın mövcud ictimai-siyasi mühitinə təsir göstərmək imkanlarına malik deyillər.
Bununla belə, seçki komissiyalarının dəyişdirilməsi istiqamətində ciddi bir dəyişiklik etmək lazımdırsa, o, ayrı-ayrı fərdlərin təklifləri əsasında baş verə bilməz. Burada ümumi bir mövqe, ortaq məxrəcəgəlmə olmalıdır ki, daha çox tərəfləri qane edən variant tapılsın.
Milli Məclis sədrinin müavini, belə məsələlər ətrafında mübahisələrə son qoymaq üçün gələcəkdə seçki komissiyalarının peşəkarlardan təşkil olunmasının zəruriliyini bildirmişdir.