İQTİSADİYYAT


“SOCAR Petroleum” Şahdağda modul tipli yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Bakı, 5 yanvar, AZƏRTAC

Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən AZƏRTAC-a bildirilib ki, beləliklə ölkədə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırılıb. “SOCAR Petroleum”un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, 1500 kvadratmetr ərazidə yerləşir. Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda, Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Şahdağ Turizm Mərkəzinin sədri Rodderich Leffler yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndlərin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yancaq brendi olan SOCAR-dır. Bu YDM kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir. Eyni zamanda, qeyd edim ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 kilometr məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda, ətraf kəndlərin əhalisinə çətinlik törədirdi”.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 38 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum”un fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.