SİYASƏT
SOYDAŞIMIZA QIRĞIZISTANIN ƏMƏKDAR HƏKİMİ ADI VERİLMİŞDİR
Bişkekdəki “Azəri” cəmiyyətinin sədri Akif Allahverdiyevə Qırğızıstan Prezidenti Əsgər Akayevin fərmanı ilə tibb sahəsindəki xidmətlərinə görə Qırğızıstanın əməkdar həkimi fəxri adı verilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tibb elmləri namizədi Akif Allahverdiyev Qırğızıstan Milli Hospitalında şöbə müdiri işləyir. Qırğızıstanın tibb aləmində adı hörmətlə çəkilən tanınmış həkimlərindən biridir.
1937-ci ildə Qırğızıstana sürgün edilmiş ailəsi qürbətdə hörmət-izzət qazanmışdır. Artıq on ildir ki, A.Allahverdiyev Bişkekdəki “Azəri” cəmiyyətinin sədridir. Cəmiyyət soydaşlarımızın iştirakı ilə tez-tez müxtəlif tədbirlər keçirir. Elə cəmiyyətin himayəsi ilə bu günlərdə Qırğızıstanın dövlət televiziyası ayda bir dəfə Azərbaycan dilində proqram göstərməyə başlamışdır.