İQTİSADİYYAT
SPE-nin IV Xəzər Texniki Konfransının əsas spikerləri elan olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Noyabrın 1-dən 3-dək Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə Bakıda illik Xəzər Texniki Konfransı və Sərgi (XTKS) keçiriləcək.
Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bu il dəvət edən tərəf qismində SOCAR çıxış edir. Tədbirin keçirilməsini Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın ən iri neft-qaz şirkətləri dəstəkləyib.
Açılış mərasimində çıxış edəcək əsas spikerlərin adları artıq bəllidir. Onların siyahısına neft-qaz sənayesində ən tanınmış ekspertlər - Neft-qaz Mühəndisləri Cəmiyyətinin SPE-2018 prezidenti Darsi Spedi, SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, “TOTAL E&P Azərbaycan” şirkətinin direktoru Denis Lemarşal, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, “KazMunayQaz” milli şirkətinin hasilat, kəşfiyyat və neft servisi üzrə icraçı vitse-prezidenti Oleq Karpuşin, “Tengizchevroil” şirkətinin baş direktoru Ted Etçison, “Qazprom Neft”in texnologiyalar üzrə direktoru Mars Xasanov, “NOVATEK” yatağının işlənilməsində proqnozlaşdırma və monitorinq idarəsinin rəisi Sergey Kolbikov, “Dragon Oil” şirkətinin baş direktoru Əli Al Carvan daxildir.
Açılış mərasimindən dərhal sonra “Modernləşdirmə” mövzusunda birinci panel sessiyası keçiriləcək. Bu sessiyada maddi-texniki təchizat və mühəndis işləri aparılmasına xeyli vaxt sərf olunan nəhəng layihələrdə analitik göstəricilərin, avtonom sistemlərin və yeni rəqəmsal texnologiyaların tətbiq edilməsi imkanlarından səmərəli istifadə məsələləri müzakirə ediləcək.
Bu il Xəzər Texniki Konfransı və SPE sərgisi Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti (ASPG), Avropa Geoloq və Mühəndislər Assosiasiyasının (EAGE) yerli bölməsi və Tədqiqatçı Geofiziklər Cəmiyyəti (SEG) ilə əməkdaşlığı davam etdirərək iştirakçıların əlavə xərc çəkilmədən eyni bir məkanda keçirilən hər üç konfransda iştirak etməsinə imkan yaradacaq. Beləliklə, regionda neft-qaz sənayesi üçün geniş əhatəli texniki konfrans keçirilməsi nəzərdə tutulur.