MƏDƏNİYYƏT
SUMQAYIT DÖVLƏT MUSİQİLİ DRAM TEATRI “AĞ BAYRAQLAR” TAMAŞASINI TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi gənc rejissorların “Yeni teatr” Respublika festivalı çərçivəsində martın 11-da Aktyor Evinin səhnəsində gürcü dramaturqu Nodar Dumbadzenin “Ağ bayraqlar” pyesi əsasında eyniadlı tamaşanı təqdim etmişdir.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamov Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmiş və hazırda Milli Dram Teatrının aktyor truppasında fəaliyyət göstərir. Tamaşanın bədii rəhbəri Firudin Məhərrəmov, rəssamı Mübariz Gəncəli, bəstəkarı isə Telman Qəniyevdir.
Əsərdə ağ bayraqlartək ləkəsiz və günahsız insanların adi səhv üzündən həbsxanaya düşməsinə, vəhşiləşdirilərək yenidən cəmiyyətə qaytarılmasına şərait yaradan sovet dövrünün eybəcərlikləri ifşa olunur.
Əsas rollarda aktyorlar Cəlal Məmmədov, Rauf Atakişiyev, Habil Xanlarov, Ulduzə Nəsirova, Əsmər Qurbanova, İsaməddin Bağırov və başqaları çıxış etmişlər.