Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH
Naxçıvan, 8 fevral, Nail Əsgərov, AZƏRTAC
Uzun illər Naxçıvan Muxtar Respublikası blokada şəraitində qaldığı üçün sahibkarlar da müəyyən məhdudiyyətlərlə qarşılaşırdı. Lakin yeni reallıq, xüsusilə Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılması perspektivi regionda sahibkarlıq mühitinin genişlənməsi üçün mühüm imkanlar yaradır. Bu məqsədlə 2026-cı il yanvarın 1-dən 10 il müddətinə sahibkarlara tətbiq olunan güzəştlər və onların qarşılaşa biləcəyi risklərin paylaşılması, vergi, sosial sığorta və gömrük əməliyyatları zamanı ödənilən rüsumların dövlət tərəfindən qarşılanması sahibkarlara əlavə dəstək olmaqla yanaşı, fəaliyyətlərini stimullaşdırır. Bu, xüsusilə yeni biznesə başlayan sahibkarların risklərini minimumlaşdırmağa, istehsal xərclərini azaltmağa, sahibkarların vergi öhdəliklərini, sosial sığorta yükünü və idxal xərclərini əhəmiyyətli dərəcədə azaltmağa, yeni investisiyaların planlaşdırılmasına kömək edən dəstək mexanizmidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı-ekspert Əli Cabbarov deyib.
O qeyd edib ki, sahibkarlıq risk sahəsidir və yeni işə başlayan sahibkarların fəaliyyətə həvəsləndirilməsi üçün dövlətin verdiyi dəstək çox vacibdir.
“Dövlət qərarında xüsusi qeyd olunur ki, qeyri-neft sektorunda tətbiq edilən güzəştlərin əhəmiyyəti böyükdür. Ölkəmiz neft ölkəsi olmaqla əsas gəlirlərini bu sahədən əldə edir, lakin işğaldan azad olunmuş bölgələrdə və Naxçıvanda alternativ sahələrin inkişafı, qeyri-neft sektorunun genişləndirilməsi üçün ciddi tədbirlər həyata keçirilir. Bu sahələr arasında yaşıl iqtisadiyyat və yaşıl enerji də var. Onların yaxın gələcəkdə reallaşması üçün 10 illik müddəti əhatə edən vergi güzəştləri, sosial sığorta ödənişlərindən və gömrük rüsumlarından müəyyən müddətlik azadolma mexanizmləri böyük əhəmiyyət kəsb edir. Dövlət qarşısında məqsəd qoyur ki, xüsusən ucqar regionlarda sahibkarlığın daha çox şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və ixrac potensialının artırılması təmin olunsun”, - deyə Əli Cabbarov vurğulayıb.
İqtisadçı-ekspertin sözlərinə görə, muxtar respublikanın da xarici ölkələrlə sərhədi var və həmin ölkələrlə əməkdaşlıq əlverişlidir: “Yaxın gələcəkdə iqtisadi əlaqələrin genişlənməsi ilə ölkəmizin ixrac məhsullarının xarici bazarlara çıxarılması üçün perspektiv imkanlar yaranır. Bunun üçün regiona xarici investisiyalar vacibdir. Təhlillər göstərir ki, xüsusilə qardaş Türkiyədən gələcək iş adamlarının yatırımları böyük əhəmiyyət daşıyır. Lakin burada əsas hədəf iqtisadi bölgədə fəaliyyət göstərən, rezident statusuna malik, faktiki olaraq burada fəaliyyət göstərən sahibkarlara imkanların yaradılmasıdır. Sözügedən bu dəstək də iqtisadi fəallığın artmasına səbəb olacaq”.
Əli Cabbarov vurğulayıb ki, muxtar respublikanın kənd təsərüfatı və turizm potensialı ilə yanaşı, xaricdən gətiriləcək yeni texologiya ilə innovativ sənayenin inkişafı da maraq doğurur.
“Şərur sənaye məhəlləsində artıq bu istiqamətdə işlər görülür. Bu imkanlar sahibkarlar üçün böyük əlverişli fürsət olacaq. Çünki güzəştlər onların fəaliyyətinin genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün güclü baza yaradacaq. Azad iqtisadi zonalarda əvvəllər çətinliklərə görə nəzərdə tutulan təşəbbüslər reallaşmırdı. Lakin bu onillik güzəşt sahibkarlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Gəlir və mənfəət vergisindən, eləcə də dividend vergisindən azad olunma imkanları sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək. Bu güzəştlər xidmət sektoru və turizm sahələrinin inkişafına da dəstək olacaq. Bu tədbirlər uzun müddətli iqtisadi inkişaf, texnoloji tərəqqi və əmək resurslarının, xüsusən qadınların və gənclərin iş qüvvəsindən səmərəli istifadə baxımından dövlət tərəfindən atılmış mühüm addımdır", - deyə iqtisadçı-ekspert əlavə edib.