Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib
Qəbələ, 8 fevral, Mustafa Dadaşov, foto İlkin Cavanşirov, AZƏRTAC
2009-cu ildən bizim doğma Qəbələ şəhərimizdə Beynəlxalq Musiqi Festivalı keçirilir. İldən-ilə coğrafiyası genişlənən bu festivalda indiyədək dünyanın müxtəlif ölkələrindən məşhur musiqi kollektivləri, simfonik orkstrlər, dünya şöhrətli musiqiçilər, solistlər çıxış ediblər. Bu möhtəşəm layihəyə görə, ilk növbədə Heydər Əliyev Fonduna, eyni zamanda, Mədəniyyət Nazirliyinə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına və “Gilan”a dərin təşəkkürümüzü bildiririk.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının iştirakçısı, pianoçu, Əməkdar artist Emil Əfrasiyab deyib.
Pianoçu Qəbələ festivalının Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən gözəl bir ənənəyə çevrildiyini bildirib.
“Ötən ildən bu ənənəyə “Qış nağılı” adlanan musiqi festivalı da qoşulub. Qəbələ qış aylarında da öz füsunkarlığı ilə seçilir. Bu qarlı təbiəti, sakinlərin xoş münasibətini, onların musiqiyə olan həvəsini görəndə insan fərəhlənir. Konsert qabağı mən iki saata yaxın bu doğma şəhərdə sadəcə gəzdim. Mən bu gözəllikdən enerjimi alaraq konsert zamanı səhnədə sevimli tamaşaçılarımıza böyük sevgi ilə çatdırmağa çalışdım”,- deyə E.Əfrasiyab vurğulayıb.