SİYASƏT
“ŞUŞASIZ AZƏRBAYCAN YOXDUR”
BİZ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN BU VƏSİYYƏTİNİ HEÇ VAXT UNUTMAMALIYIQ
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AZƏRTAC-ın müxbirinə demişdir: “Hər il dağlar şəhərinin işğalı ərəfəsində respublika Mədəniyyət Nazirliyi “Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” mövzusunda elmi-praktik konfrans təşkil edir. Belə konfranslar, onlarda tarixçilərin, digər mütəxəssislərin çıxışları haqq işimizi dünya ictimaiyyətinə çatdırmaq, erməni dezinformatorlarının ifşası baxımından çox əhəmiyyətlidir. Ziyalılarımız belə tədbirlərdə yaxından iştirak etməlidirlər. Hələ də dünyanın elə guşələri var ki, orada Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərsizdirlər. Bunun bir səbəbi də erməni ideologiyasının fəallığındadır. Etiraf edək ki, onlar bu sahədə bizi üstələyirlər. Biz müharibəni uduzmamışıq, müharibə hələ qabaqdadır. Vaxtilə erməni lobbisi çox fəallıq göstərdi. Bu sahədə dönüş yalnız Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıdandan sonra baş verdi. İndi dünyanın bir çox ölkələrində, beynəlxalq qurumlarda münaqişə haqqında həqiqətlər məlumdur və bu, yalnız ümummilli liderimiz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Dahi siyasətçinin layiqli siyasi varisi İlham Əliyevin rəsmi səfərləri zamanı apardığı danışıqlar, beynəlxalq təşkilatlarda keçirdiyi görüşlərdəki kəskin çıxışları qəlbimizdə qürur hissi oyadır, ideoloji sahədə qələbəmizin yaxınlığına inam doğurur.
Biz Şuşadan danışanda onu musiqi və mədəniyyət beşiyi kimi xarakterizə etmişik. Əslində, Şuşa həmişə çox böyük intellektual potensiala malik olmuşdur, onun yetirmələri Azərbaycanımızı bütün dünyada şöhrətləndirmişdir. Bu gün Şuşa dardadır. Tutduğumuz vəzifədən asılı olmayaraq hər birimiz ona borcumuzu qaytarmaq barədə düşünməliyik. Cənab Heydər Əliyev deyirdi: “Şuşasız Azərbaycan yoxdur!” Bu, müdrik milli liderin bütün dünya azərbaycanlılarına vəsiyyətidir. Bəli, Şuşa dünya azərbaycanlılarının qayğısıdır. Nə etməli? Erməni dezinformasiyasına qarşı həqiqət üstündə köklənmiş təbliğat maşınını işə salmalı, ideoloji cəbhədə qəti hücuma keçməliyik. Bundan ötrü lazım olan potensialımız var.
Mən doğma şəhərini, yaxınlarını, əzizlərini itirmiş şuşalılara başsaglığı verir, onların tezliklə doğma yurda qayıdacaqları barədə inamına şərik oluram”.