REGİONLAR
Sabir Rüstəmxanlı: Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün daim həmrəy olmalıyıq
Şuşa, 8 oktyabr, Səlim Rəhimzadə, AZƏRTAC
Düşmən işğalından azad etdiyimiz Şuşaya, ölkəmizin mədəniyyət paytaxtına gəlmişik. Biz buraya gələrək Vaqif Poeziya Günlərini, “Xarıbülbül” festivalını keçirmişik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Prezident Administrasiyası tərəfindən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşaya təşkil olunan səfəri zamanı deyib.
Partiya sədri qeyd edib ki, bütün bunlar Şuşaya yeni nəfəs gəldiyinin göstəricisidir. “İşğalçı ermənilər burada yaşayıblar, lakin yeni heç nə etməyiblər. Şuşa illərdir bizi gözləyirmiş. Ermənilər Şuşanı dağıtsalar da, bizim buraya gəlişimizlə şəhər yenidən dirçələcək. Bütün siyasi partiya rəhbərləri olaraq dövlətimizin, xalqımızın mənafeyini düşünərək, düşmənə qarşı birlikdə mübarizə aparmalıyıq. Ümumiyyətlə, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün daim həmrəy olmalıyıq”.