REGİONLAR
Sabirabadda bugünədək sahələrdən 10 min 133 ton pambıq yığılıb
Sabirabad, 16 oktyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadlı fermerlər hər gün pambıq plantasiyalarından 350-400 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Məhsulun 230-240 tonu kombaynların köməyi ilə toplanılır. İndiyəcən sahələrdən 10 min 133 ton pambıq yığılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Sabirabadda 13 min 55 hektar pambıq becərilib. Bunun da 2 min hektara yaxını Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə əkilib. Kənddə fəaliyyət göstərən 400–ə yaxın məhsul istehsalçısı becərdikləri sahələrin pambığını son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Fermerlər bu günə kimi 1600 tondan çox məhsul toplayıblar. Onlar hər gün sahələrdən 80-90 ton pambıq yığırlar.
Kənddə fəaliyyət göstərən fermer Nazim Babayev ötən il 60 hektardan 250 ton məhsul yığıb. Onun sahəsində bu il də pambıq çoxdur. İndiyəcən əl ilə 50 tona yaxın məhsul toplayıb. “Bu mövsüm 80 hektar sahədə pambıq becərmişəm. Hələlik məhsulu əl ilə toplayırıq. Yığım aparılan sahələrin hər hektarının məhsuldarlığı 40 sentnerdən çox olub. İki gündən sonra sahəyə kombaynlar çıxacaq. Təxmini hesablamama görə, yığılmamış sahənin hər hektarından 50 sentner məhsul götürəcəyəm”, - deyə fermer bildirib.
Nazim Babayev becərdiyi sahədən 400 tondan çox məhsul istehsal edəcəyinə əmindir.