CƏMİYYƏT
Sabirabadda qətlə yetirilib kanala atılan şəxsin cəsədi beş gün sonra tapılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, cəsədini isə həmin kənddən keçən kanala atması polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin cəsədi oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndindən keçən kanalda aşkarlanıb. Cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və səkkiz patron isə Hacıqabul rayonunun Ağacanlı kəndindən keçən avtomobil yolunun kənarında tapılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.