REGİONLAR
Şabran polisi narkotikə görə üç rayon sakinini saxlayıb VİDEO
Şabran, 6 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rauf Əliyevi yaşadığı evin yaxınlığında saxlayıb. Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, eləcə də evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı R.Əliyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakini – Samir Məmmədov və Bəhruz Babayev saxlanılıblar. Samir Məmmədovun üzərinə keçirilən baxış zamanı ondan altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus fərdi yaşayış evindən isə aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi dörd ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Şabran RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.