REGİONLAR
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Şabran rayonunda uzunluğu 25 kilometr olan Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tikinti layihəsinə uyğun olaraq, marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılır.
Bundan başqa, 2 yerdə düzbucaqlı su keçidinin, 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihədə nəzərdə tutulub. Asfaltlanma işləri yolun 150 min kvadratmetrdən çox sahəsini əhatə edəcək.
Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, eləcə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.