REGİONLAR
Şabranda taxıl biçini iyunun sonunadək başa çatacaq
Şabran, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda taxıl biçininin iyunun sonunadək yekunlaşdırılması planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, biçin rayonun düzən və dağətəyi ərazilərindəki sahələrdə aparılıb. İndiyədək Çölquşçu, Əmirxanlı və Ağbaş kəndlərində 1 min 500 hektardan artıq sahənin taxılı biçilib. Biçilən sahələrdə arpanın məhsuldarlığı hər hektara görə 20-25 sentner təşkil edir.
Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 30-dan çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır. Taxıl biçini prosesinə cəlb olunan mexanizatorlar yanğın və digər təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılıblar.
Şabran rayonunda buğda biçininə isə iyulun əvvəllərində start veriləcək.
Cari mövsümdə Şabran rayonunun taxılçılıq təsərrüfatlarında 13 min 556 hektar sahənin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 8 min 518 hektarını buğda, 5 min 38 hektarını isə arpa sahələri təşkil edir.