CƏMİYYƏT
Sabunçu rayonunda süd məhsulları istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
Bakı, 30 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Sabunçu rayonunda, Ramana südçülük sovxozunun ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.