REGİONLAR
Sac üstə bişirilən kətənin ayrı ləzzəti var VİDEO
Qazax, 6 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Yaz fəsli üçün xarakterik olan qidalardan biri də göy kətəsidir. Bəzi bölgələrdə göy qutabı da adlandırılır. İndi göy kətəsinin əsl bişirilmə vaxtıdır. Düzdür, bu kətəni ilin dörd fəslində də hazırlamaq olur. Amma yaz fəslində yetişən təbii və yabanı bitkilərdən hazırlanan, ən əsası da sac üstə bişirilən kətənin xüsusi dadı və ləzzəti var.
AZƏRTAC xəbər verir ki, yaz fəslində payız-qış dövründə itirilən immuniteti bərpa etmək üçün əlverişli şərait yaranır. Təbiətin bəxş etdiyi bitkilərdən hazırlanan qidalar süfrələrin ən dadlı təamına çevrilir.
Qazaxda da göy kətəsinin hazırlanması digər bölgələrdən elə də ciddi fərqlənmir. Elə ki, yaz gəldi, odun üstündə sac asılır, göy kətəsinin hazırlanmasına başlanılır. Quzuqulağı, cincilim, əvəlik, dağ keşnişi və digər bitkilərdən hazırlanan göy kətəsinin dadı qazan yeməklərindən az sevilmir.
Sac üstündə kətə çox tez, cəmi 5-7 dəqiqəyə hazır olur. Qazax sakini Ülviyyə Xəlilova deyir ki, kətəni uzun illərdir sac üstündə bişirirlər. Onun sözlərinə görə, ailə üzvləri ocaq üzərində sacda bişən kətəni daha çox sevir: “Göy kətəsini istənilən göy-göyərtinin qarışımı ilə hazırlamaq mümkündür. Məsələn yazda kətənin içliyi daha fərqli və dadlı olur. İndi şomu və cincilim vaxtı olduğundan əsasən bu bitkilərdən istifadə edirik”.
Göy kətəsi yabanı bitkilərdən hazırlananda daha təbii və dadlı olur. İçliyi yuxa kimi yayılmış xəmirin içərisinə qoyulur, yarımdairə şəklində bükülərək, sacda hər iki üzü qızardılmaqla hazırlanır. Bişdikdən sonra arasına kərə və ya bitki yağı qoyularaq süfrəyə verilir. İçərisinə qoyulmuş göy-göyərtinin tərkibindən asılı olaraq onun da müxtəlif növləri var: şomu kətəsi, unnuca kətəsi, qırxbuğum kətəsi, cincilim kətəsi, gicitkən kətəsi və s. Göyərti kətəsi, əsasən, yaz aylarında, pencər bol olan vaxt bişirilir.
“Kətənin orqanizm üçün faydaları çoxdur. İnsan səhhəti üçün ziyansız qidadır. Bu vaxtlar demək olar ki, hər evdə bişirilir. Bütün rayonlarda kətəni sevirlər. Xüsusən də bizim Qazax zonasında kətə dağ cincilimindən, göy soğandan və şomudan hazırlanır”, - deyə rayon sakini Füzuli Vəlizadə bildirir.
Göyərti qutabına soğan, motal şoru və ya pendir də qatılır. Xırda doğranan cincilimdən, şomudan yazda, qış aylarında isə ispanaqdan hazırlanır. Bəzi bölgələrdə cincilimdən əlavə, çuğundur yarpağı, soğan-kartof qarışığı da işlədilir.