REGİONLAR
Şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri məlum olub
Masallı, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinın VIII-XI sinif şagirdləri arasında keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 100-ə yaxın məktəbli iştirak edib.
Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd məktəbliləri milli mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, şagirdlərə ölkəmizin tarixini, mədəniyyətini, milli irsini öyrətmək, onlarda sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadları müəyyənləşdirməkdir.
Təhsil şöbəsinin metodistləri Əkbər Balaşoğlu, Gülağa Məmmədov çıxışlarında qeyd ediblər ki, məktəblilər arasında Vətənə, milli adət-ənənələrə, xalqın tarixinə və dövlət rəmzlərinə hörmət hissinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasında bu səpkidə keçirilən tədbirlərin əhəmiyyəti böyükdür.
Münsiflər heyətinin qərarına əsasən, VIII-IX sinif şagirdləri arasında Şıxlar 2 nömrəli ümumi orta məktəbin VIII sinif şagirdi Sara Məmmədova birinci, Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Günel Ağayeva ikinci, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Jalə Məmmədli üçüncü yerə layiq görülüblər.
X-XI sinif şagirdləri arasında isə Hüseynhacılı kənd tam orta məktəbin XI sinif şagirdi Günay Abdullayeva, Təzə Alvadı 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Rübabə Abdulqəniyeva və həmin məktəbin XI sinif şagirdi Aytac Kərəməliyeva fərqləniblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.