REGİONLAR
Şagirdlər arasında şahmat üzrə birinciliyə yekun vurulub
Naxçıvan, 15 aprel, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində start verilən “Şahmat beyinin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin VII-VIII sinif oğlan şagirdləri arasında şahmat üzrə birinciliyə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış İsveçrə sistemi üzrə 5 turdan ibarət olub.
Yarışın yekun nəticəsinə əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Aydın Bəbirli bütün rəqiblərini üstələyərək qalib olub. 17 nömrəli tam orta məktəbin şagirdləri Niyaz Sultanov və Samiq Orucov isə müvafiq olaraq ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Sonda qaliblərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.