CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanları artırılır
Bakı, 25 iyul, AZƏRTAC
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının təşkili” layihəsini həyata keçirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil etməklə, valideynlər və mütəxəssislər arasında inklüziv təhsil sahəsində maarifləndirmə işləri aparmaqdan, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində Abşeron rayonunda təşkil olunmuş icma tipli qısamüddətli məktəbə hazırlıq kursunda “Azimut” Tədris Mərkəzi və Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin təcrübəli mütəxəssisləri (pedaqoq, psixoloq və loqoped) tərəfindən 2016-2017-ci tədris ilindən etibarən məktəbə gedəcək sağlamlıq imkanları məhdud uşaqların hazırlığı həyata keçirilir. Eyni zamanda onlara psixoloji və loqopedik xidmətlər də göstərilir.