İQTİSADİYYAT
Sahibkar: Karantin dövrünün yenidən sərtləşdirilməməsi üçün gigiyenik qaydalara ciddi əməl edirik
Bakı, 10 avqust, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 10-da qeyri-ərzaq mallarının satışının fəaliyyətinə icazə verilməsi ilə bağlı qərarı biz sahibkarların ürəyincə oldu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Optimal Elektronika” şirkətinin Neftçilər filialının nümayəndəsi Emin Xankişiyev deyib.
O qeyd edib ki, bütün dünyaya yayılmış koronavirus xəstəliyi çox təhlükəli olmaqla xeyli sayda insan ölümü ilə nəticələnib. Bunu hamı başa düşməlidir. Biz də öz növbəmizdə gigiyenik qaydalara ciddi əməl edir, mağazalara müraciət edən şəxslərin maskasız girişinə icazə vermirik. Həmçinin sosial məsafənin saxlanılmasına da diqqət yetirilir.
“Hökumət tərəfindən həyata keçirilən operativ tədbirlərin nəticəsində Bakıda və digər regionlarda xəstələrin sayı azalması avqust ayının axırınadək pandemiyanın ölkəmizdə təsirlərinin minimumlaşmasına ümid yaradır. Biz dövlətimizin bu təhlükəli xəstəliyin qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində gördüyü bütün tədbirləri dəstəkləyirik”.