İQTİSADİYYAT
Sahibkarlar üçün qida və kənd təsərrüfatına dair seminar keçiriləcək
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə yanvarın 25-də sahibkarlar üçün "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin tətbiqi prosesinə özəl sektorun təşviq edilməsi: qida və kənd təsərrüfatı" mövzusunda seminar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, seminar BMT-nin 2015-ci ilin sentyabrında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) tətbiqi çərçivəsində baş tutacaq. Əsas məqsəd Azərbaycanda özəl sektorun DİM-lərin tətbiqinə cəlb olunmasını təhlil etmək, ərzaq və kənd təsərrüfatı sahələrinə xüsusi diqqət yetirərək bu sahədə mümkün potensial imkanlarını və birgə maraqları müzakirə etməkdir. Seminarda, eyni zamanda, müxtəlif ölkələrdən öyrənilmiş yaxşı təcrübələr və onların Azərbaycan mühiti üçün uyğunluğu da müzakirə olunacaq.
Tədbirdə ərzaq, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və "yaşıl iqtisadiyyat" sahələri üzrə fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak edə bilərlər.