CƏMİYYƏT
Salyan və Sabirabadın qarpız sahələrində fitosanitar müfəttişlər monitorinqlər aparıblar
Bakı, 7 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar müfəttişlər Salyan rayonunun Qaraqaşlı, Noxudlu, Seyidsadıqlı, Qızılağac, Marışlı, Sabirabad rayonunun Bulaqlı və Həşimxanlı kəndləri ərazisində qarpız sahələrində müşahidələr aparıblar.
Monitorinq zamanı hər hansı bir zərərli orqanizmə rast gəlinməyib. Əkin sahələrində qarpızda nitratın qalıq miqdarı yoxlanılıb və normada olduğu müəyyən edilib. Pestisid qalıqlarının yoxlanılması üçün qarpızdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına göndərilib.
Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə edərkən təhlükəsizlik qaydaları və zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri ilə əlaqədar bir sıra tövsiyələr verilib.