REGİONLAR
Salyanda “Ağ nar”ın yığımı yekunlaşmaq üzrədir VİDEO
Salyan, 13 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Nar təsərrüfatları daha çox Göyçay rayonunda olsa da, Aran rayonlarında da bu sahənin inkişafına böyük maraq göstərilir. İllərdir ki, Salyan rayonunda narçılıq ənənələri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Salyanda əkilən yerli nar sortları arasında bağ sahibləri ən çox “Ağ nar” sortuna üstünlük verirlər. “Ağ nar” sortunu hətta mart ayınadək saxlamaq mümkündür. El arasında bu narlara “Ağqabıq şirin nar” da deyirlər.
Salyanda nar təsərrüfatına daha çox fərdi həyətlərdə rast gəlinir. Bu bağlar rayonun əsasən Kürsəngi, Kürqaraqaşlı və Ərəbqardaşbəyli kəndlərində salınıb. Ötən il salyanlı bağbanlar nar bağlarından bol məhsul götürüblər. Rayonda ümumilikdə 455 hektar nar sahəsi var, onun da 401 hektarı bar verəndir. Bağ sahibləri ötən il 3281 ton nar əldə ediblər. Bu da bir hektar üçün 82 sentner məhsul deməkdir.
Bağ sahibi Elvin Xankişiyev deyir ki, nar bağı 10 hektar sahəni əhatə edir. Ötən il 110 ton məhsul verib: “Bu il isə 120-150 ton arasında məhsul gözləyirik. Hazırda bağlarımızda məhsulumuz boldur. Bu ayın sonuna kimi yığıb qurtaracağıq. İndi bağlarda suvarma işləri aparılır. Satışla bağlı problemimiz də olmur. Müştərilər elə bağda normal qiymətlə alıb aparır”.
Bu il Salyanın nar bağlarında daha çox məhsul var. Fermerlər bu aydan etibarən noyabr ayına kimi yığımı davam etdirəcəklər.
Qeyd edək ki, Salyanda ötən il 3290 ton nar yığılıb.