REGİONLAR
Salyanda əsas kapitala 32 milyon manatdan çox investisiya yönəldilib
Salyan, 13 oktyabr, Mahir Babayev, AZƏRTAC
Oktyabrın 13-də Salyan Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, 2016-cı ilin doqquz ayında rayonun ayrı-ayrı təsərrüfat sahələrində nailiyyətlər qazanılıb, qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilib. Cari ilin doqquz ayında məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 31 milyon 122 min manat artaraq 185 milyon 434 min manata çatıb. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 4 milyon 463 min manat çoxalaraq 76 milyon 816 min manat olub. Əsas kapitala yönəldilən investisiyanın həcmi 32 milyon 545 min manata çatıb. Sənaye məhsulunun ümumi həcmi 46 milyon 878 min manat, əhaliyə göstərilən pullu xidmətin həcmi isə 38 milyon 559 min manat olub.
Hesabat dövründə rayonda abadlıq və quruculuq işləri davam etdirilib. Salyan şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, mərkəzi kitabxana əsaslı təmir olunub, “Qoşa qala”nın tikintisi başa çatdırılıb, X.R.Ulutürk və Ə.B.Hüseynzadənin abidələri və ətrafı abadlaşdırılıb, Salyan dairəsi və şəhər qəbiristanlığındakı qardaşlıq məzarları yenidən qurulub.
Şəhərdəki uşaq poliklinikası və Əliağa Kürçaylı küçəsində yerləşən inzibati binaların fasadları təmir edilib, doqquz küçədə abadlıq-quruculuq işləri görülüb. Hazırda kənd təsərrüfatı idarəsi və baytarlıq laboratoriyası üçün tikilən yeni binalarda son tamamlanma işləri aparılır. Rayon prokurorluğunun və şəhərdə tikilən 7 mərtəbəli yaşayış binalarının inşası davam etdirilib.
Yığıncaqda əhalinin elektrik, qaz, su ilə təmin edilməsi sahəsində görülən işlərdən ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.