REGİONLAR
Şamaxıda ilk dəfə səs verəcək gənclərlə görüş
Şamaxı, 30 yanvar, AZƏRTAC
Şamaxıda Milli Məclisə seçkilər ərəfəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Şamaxı Dövlət Regional Kollecində təşkil olunan görüşdə 72 gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə gənclər və idman idarəsinin məsul işçisi Famil Tağıyev, ağsaqqallar şurasının üzvü Ağarza Bayramov çıxış edərək gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal rolundan danışıb, onları seçkilərdə aktiv olmağa tövsiyə ediblər.
85 saylı Şamaxı Dairə Seçki Komissiyasının üzvü Arazxan Ömərov Azərbaycan Respublikasının Seçki Məcəlləsi, ilk dəfə səs verəcək gənclərin seçki hüquqları, seçki günü səsvermə proseduru və qaydaları haqqında geniş məlumat verib.
Görüşdə ilk dəfə səs verəcək gənclərin səsvermə ilə bağlı sualları cavablandırılıb.