MƏDƏNİYYƏT
Samr Şah: Çalışırıq bütün fəaliyyətimizdə bərabərliyi, müxtəlifliyi və inklüzivliyi tətbiq edək
Bakı, 19 noyabr, AZƏRTAC
“Müxtəliflik həftəsi” çərçivəsində bu bizim ikinci tədbirimizdir. Biz hər il müxtəlifliyi təbliğ edirik. Hər gün dünyanın müxtəlif ölkələrinin insanları ilə ünsiyyətdə oluruq. Bu baxımdan bizim üçün ən vacib dəyərlərdən biri də inklüzivlikdir.
Bu sözləri AZƏRTAC-a “Müxtəliflik həftəsi”nə həsr olunan tədbir zamanı “British Council”un Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah müsahibəsində deyib.
“Biz çalışırıq bütün fəaliyyətimizdə bərabərliyi, müxtəlifliyi və inklüzivliyi tətbiq edək. Bu zaman işə qəbul prosesində əlilliyi olan şəxslərin hüquqlarının digərləri ilə bərabər tutulmasına çalışırıq. Həyata keçirdiyimiz proqramların ana xəttini də bu dəyərlər təşkil edir. Proqramımız iki istiqamətdə aparılır. Birinci istiqamət əlilliyi olan şəxslərin mədəniyyət sahəsində bacarıqlarını təşviq etməkdir. Bu zaman sənət vasitəsilə inklüzivlik imkanları artırılır ki, bu da müxtəlif kateqoriyalara mənsub olan insanların birlikdə aktyorluq etməsinə, tamaşa qoymasında, onların istedadını nümayiş etdirməsinə şərait yaradır. İkinci proqramımız “BP” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi əlilliyi olan insanların məşğulluq proqramıdır. Bu proqram çərçivəsində biz çalışırıq onlara iş yerləri yaradaq, bilik və bacarıqlarını inkişaf etdirək”, - deyə S.Şah əlavə edib.