CƏMİYYƏT


Sarıkök kosmetoloji vasitə kimi də çox gözəl nəticələr verir

Bakı, 7 fevral, AZƏRTAC 

Sarıkökün tərkibindəki kurkumin adlı maddə ateroskleroza qarşı çox güclü təsir göstərir. Bundan əlavə adıgedən ədvə xərçəng, Alsgeymer, ürək-damar sistemi, qaraciyər- öd yolu, dəri, mədə-bağırsaq və şəkərli diabet xəstəlikləri zamanı istifadə etdikdə müsbət nəticə əldə etmək mümkündür.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, tibb elmləri namizədi Sərxan Tağıyev bildirib.

S.Tağıyev əlavə edib: “Əczaçılıqda detoksikasiya (orqanizmi toksiki maddələrdən təmizləmə) zamanı sarıkökdən çox geniş istifadə olunur. Sarıkök əsasında müxtəlif dərman vasitələri hazırlanıb. Biz də artıq bu ədvə əsasında ağız-boğaz xəstəlikləri zamanı istifadə oluna biləcək preparat hazırlamışıq. Hazırda sarıkök əsasında bədən gellərinin hazırlanması istiqamətində işlər gedir. Belə ki, kosmetoloji vasitə kimi də sarıkök çox gözəl nəticələr verir. Misal üçün, ev şəraitində badam yağına az miqdarda zəfəran və sarıkök əlavə olunub, bir müddət isti yerdə saxlandıqdan sonra ondan kosmetoloji vasitə kimi istifadə etdikdə çox yaxşı nəticə əldə etmək olar. Bundan əlavə dəridə qaşınmalar zamanı ilıq su və sarıkök qarışımından hazırlanmış pastanı zədələnmiş bölgəyə tətbiq edərək qaşınmanın qarşısını almaq mümkündür.

Sarıkökü yemək bişirərkən sonda əlavə etmək məsləhətdir. Belə ki, yemək qaynayarkən əlavə olunduqda onun tərkibindəki faydalı maddələr parçalana bilər. Tam hazır olduqdan sonra yeməyin üzə çıxan yağına əlavə edildikdə isə sarıkökün faydalı təsiri artır.

Bu ədvədən istifadə zamanı yeməyə istiotun əlavə olunması da məsləhət görülür. Bu zaman istiotun tərkibindəki peperedin adlı maddə sarıkökün bağırsaqdan sovrulmasına kömək edir. Bu sovrulma nəticəsində çox gözəl müalicəvi effekt əldə etmək mümkündür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.