CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları ilə veteranlar arasında görüş keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşları ilə veteranlar arasında görüş keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu qəhrəmanlığın 44 günlük Vətən müharibəsində təkrarlandığını, Azərbaycan Ordusunun Ali Baş Komandanının rəhbərliyi ilə böyük Zəfərə imza atdığını vurğulayıb.
SHXÇDX-nin Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi, polkovnik Şaiq Məmmədov çıxışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun veteranlara təbrikini çatdırıb. Özünün də veteran ailəsində böyüdüyünə diqqət çəkən Ş.Məmmədov Azərbaycan xalqının veteranları ilə qürur duyduğunu vurğulayıb. Daha sonra polkovnik Şaiq Məmmədov bir qrup İkinci Dünya müharibəsi iştirakçısına qurum adından hədiyyələr təqdim edib.
Veteranlara göstərdiyi dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova gəncləri veteranlardan örnək götürməyə, Vətəni bundan sonra da qətiyyətlə müdafiə etməyə çağırıb.
Fatma Səttarova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığını, vətənpərvərliyin inkişafındakı rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.