REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib VİDEO
Sumqayıt, 19 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam etdirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, Xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binasında keçirilən qəbulda Sumqayıt şəhərindən, eləcə də Abşeron və Qubadlı rayonundan olan sakinlər iştirak ediblər. Qəbulda Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. Həmçinin vətəndaşlar tərəfindən müharibə veteranı adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə qulluq keçmələri və digər məsələlərlə də bağlı müraciətlər olunub.
Xidmətin rəisi Arzu Rəhimov qəbulda iştirak edən vətəndaşları diqqətlə dinləyib, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.