CƏMİYYƏT
Şəfiqə Qasımzadə: Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir
Bakı, 3 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər görülür. Ölkəmizdə elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, orta məktəb binaları, olimpiya idman kompleksləri və digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetinin magistri Şəfiqə Qasımzadə deyib.
İndiyə qədər gənclər siyasətinə dair bir sıra proqramların qəbul olunduğunu vurğulayan Ş.Qasımzadə qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən mühüm tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.