SİYASƏT


Səfir Kerol Krofts: Britaniya-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub

London, 3 mart, AZƏRTAC 

Böyük Britaniya 25 il əvvəl Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Bizim ikitərəfli əlaqələrimiz möhkəm təməl üzərində qurulub və bu təməl əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər yaradır.

Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib. Səfir deyib ki, Britaniya Azərbaycanda ən böyük investisiya payına sahib ölkədir. Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına investisiyası və bu ölkədə fəaliyyəti uzun illərə planlaşdırılıb. Son bir neçə ildə biz əməkdaşlığımızı müxtəlif sahələrdə inkişaf etdirmiş, tərəfdaşlığımızı artırmış, Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin təşviqi istiqamətində bir çox işlər görmüşük. Əməkdaşlığımız hər iki ölkədə iş yerlərinin sayını artırıb, inkişafı daha da sürətləndirib. Mən çox məmnunam ki, Birləşmiş Krallıq Azərbaycanda sabit və etibarlı tərəfdaş kimi yüksək nüfuza sahibdir.

Səfir vurğulayıb ki, neft və qaz sənayesi Azərbaycan iqtisadiyyatında böyük rol oynayır. BP bu sahədə Azərbaycanda ən böyük investordur. BP-nin investisiyasının nəticəsidir ki, digər ölkələr də neft və qaz təchizat zəncirində Azərbaycanda fəal iştirak etməyə başlayıblar. Nəqliyyat, su təchizatı, maliyyə və peşəkar xidmətlər kimi daha bir çox sahələrdə əməkdaşlığımızı davam etdiririk. Bizim Azərbaycanda fəaliyyətini sürətlə genişləndirən Britaniya biznes qrupumuz mövcuddur. Təbii ki, Birləşmiş Krallıqda da yaşayan, işləyən, təhsil alan, iqtisadi, sosial əlaqələrimizi inkişaf etdirən çoxlu azərbaycanlı var.

K.Krofts qeyd edib ki, “British Council” ofisi Bakıda və paytaxtdan kənarda incəsənət, ingilis dili, təhsil, tədris sahələrində aktiv fəaliyyət göstərir. Ötən il “British Council” ilə Azərbaycanın Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ölkənin 6 min ingilis dili müəllimi öz bilik və bacarıqlarını peşəkar səviyyədə inkişaf etdirdi.

Britaniya xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin ən çox üz tutduğu ölkələrdəndir. Birləşmiş Krallığın müxtəlif universitetlərində xeyli sayda azərbaycanlı tələbə təhsil alıb və almaqda davam edir. Sosial şəbəkələrdəki sorğulardan aydın olur ki, azərbaycanlı tələbələr Birləşmiş Krallıqda təhsil almaqdan məmnundurlar və vaxtlarını səmərəli keçirə bilirlər. “Mən və səfirliyimizin əməkdaşları Naxçıvandan Şəkiyə, Sumqayıtdan Lənkərana kimi Azərbaycanın müxtəlif bölgələrinə getdikdə həmişə ingilis dili tədrisi üçün daha çox material, dil mübadiləsi, Birləşmiş Krallıqda təhsil üçün daha çox təqaüd proqramlarının olması istəkləri ilə qarşılaşırıq. Bütün bunlar ikitərəfli əlaqələrimizin inkişafı üçün vacibdir və mən ölkələrimizin gəncləri arasında daha çox mübadiləni görməkdən şad olaram”, - deyə səfir vurğulayıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.