REGİONLAR
Şəhid Asif Qəribovun ailəsi ziyarət edilib
Şirvan, 29 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi Vətən müharibəsində şəhid olan Asif Səxavət oğlu Qəribovun anım günü ilə əlaqədar ailəsini ziyarət edib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı Asif Qəribovun keçdiyi şücaətli döyüş yolundan, xatirələrindən söhbət açılıb.
İcra hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin anası Mərmər Qəribovaya və əzizlərinə başsağlığı verərək, Asif kimi qəhrəman, vətənpərvər, mərd övlad yetişdirdiyi üçün təşəkkürünü bildirib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı qeyd edilib.
Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ölkənin bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində də mütəmadi davam etdirildiyi bildirilib.
Şəhidin anası onlara göstərilən həssas münasibətə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Asif Qəribov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.