ELM VƏ TƏHSİL
Şəhid Faiq Rzayevin xatirəsinə həsr olunan tədbir
Bakı, 13 may, AZƏRTAC
Bakı şəhəri 150 nömrəli tam orta məktəbdə şəhid Faiq Rzayevin xatirəsinə həsr olunan “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Tədbirdən öncə şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli məktəbin önündə yerləşən abidəsi önünə tər qərənfillər düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan 150 nömrəli tam orta məktəbin direktoru Sevda Əliyeva şəhid Faiq Rzayevin həyat yoluna nəzər salıb. O məlumat verib ki, Faiq Rzayev 1975-ci il mayın 13-də Bakı şəhərində anadan olub, Yasamal rayonu 150 nömrəli orta məktəbi bitirib. 1993-cü ilin mayında hərbi xidmətə gedib: “Horadizdə Faiqin də daxil olduğu 6 nəfərlik kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfinə keçərək uğurlu əməliyyatlar ediblər. Ancaq növbəti kəşfiyyat zamanı dəstə qəfildən mühasirəyə düşür, Faiq Rzayev və silahdaşları şəhidlik zirvəsinə ucalırlar.1994-cü ildə isə təhsil aldığı Yasamal rayonu 150 nömrəli ümumtəhsil məktəbinə Faiq Rzayevin adı verilib”.
Sevda Əliyeva diqqətə çatdırıb ki, Faiqin şəhid olduğu Cocuq Mərcanlı 2016-cı ildə düşmən tapdağından azad olundu. Vətən torpağının azadlığı uğrunda canından keçən Faiqin və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək. 2020-ci il Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazandı. Doğma torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün biz qalib xalqın qalib vətəndaşları olaraq Müzəffər Ali Baş Komandanımızla, Şanlı Ordumuzla fəxr edirik. Biz bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu gün Faiqin və minlərlə şəhidlərimizin ruhu şaddır, qanlarını axıtdıqları torpaqlar düşmən tapdağından azad olunub. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva, şəhid ailələrinin üzvləri, qazilər çıxış ediblər. Vurğulanıb ki, şəhidlərin xatirəsi hər zaman uca tutulmalıdır, şəhidlərimiz gənc nəsillərə tanıdılmalı, onlara örnək olmalıdır.
Mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin II kurs tələbələri professor Məmməd Səfanın quruluşunda “Şəhidlik ən uca zirvədir” kompozisiyasını təqdim ediblər.
Tədbirdə Qələbəyə həsr olunan videoçarx nümayiş edilib.