REGİONLAR
Şəhid Rəfail Əliyevin təltif edildiyi medal övladına təqdim olunub VİDEO
Füzuli, 30 may, Aydın Yavərzadə, AZƏRTAC
Şəhid kəşfiyyatçı Əliyev Rəfail Oruc oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Təltif edildiyi "Şuşanın azad olunmasına" görə medalı isə şəhidin qızına təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Əliyev Rəfail Oruc oğlunun 38-ci doğum günü məzarı yanında qeyd olunub. Anım günündə şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəblilər, döyüş yoldaşları, şəhid ailələri, qazilər, sakinlər iştirak ediblər. Çıxışlarda Rəfailin Vətən sevgisi, döyüşlərdə göstərdiyi qəhrəmanlıq bir daha xatırlanıb. Bildirilib ki, Əliyev Rafael Oruc oğlu 1984-cü il mayın 24-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 2002-ci ildə həqiqi hərbi xidmətə yollanıb və xidmətini müvəffəqiyyətlə bitirdikdən sonra mülki işlərdə çalışsa da, 2016-cı ildə Aprel döyüşlərindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılıb. Hərbidə göstərdiyi xidmətlərə görə çavuş rütbəsinə kimi yüksəlib və kəşfiyyatçı olaraq Vətənin keşiyində dayanıb.
Rafael Əliyev Vətən müharibəsində fəal iştirak edib və torpaqlarımızın azad olunması uğrunda xüsusi şücaəti ilə seçilib. Düşmənin bir çox canlı qüvvəsini məhv edərək ön cəbhənin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 28-də Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə yüksəlib. Horadiz şəhər qəbiristanlığında dəfn olunub.
Rəfail Əliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Rəfail Əliyevin təltif edildiyi Şuşanın azad olunmasına görə medalı isə övladına təqdim olunub.
Qeyd edək ki, şəhid Rəfail Əliyevin iki qız övladı yadigar qalıb.