CƏMİYYƏT


Şəhid ailələri və qazilərə yönəlik psixoloji reabilitasiya layihəsi çərçivəsində növbəti mərhələnin təlimlərinə başlanılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək vermək, yerli mütəxəssislər hazırlamaq məqsədilə cari ilin may ayından həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində növbəti mərhələnin təlimlərinə start verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “PAŞA sığorta” ilə birgə reallaşan uzunmüddətli layihənin məqsədi şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, gələcəkdə bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır.

Layihə çərçivəsində respublikamızın müxtəlif bölgələrində çalışan kliniki psixoloqlar üçün təlimlər keçirilir. Post travmatik stres pozğunluğu (PTSP) diaqnozlu xəstələr üçün ən effektiv müalicə üsullarından olan Koqnitiv işlənmə terapiyası (KİT) və Yazılı ekspozisiya terapiyası (YET) üzrə təlim proqramları təşkil edilir. Layihəni uğurla başa çatdıran iştirakçılar yaxın 5 il ərzində həm də beynəlxalq təlimçi qismində Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcəklər.

Avqust ayında KİT üzrə 12 həftəlik ilkin təlimləri uğurla tamamlayan iştirakçılar müvafiq sertifikatlar aldıqdan sonra növbəti təlimlərə vəsiqə qazanıblar. Oktyabrın 3-dən 26 kliniki psixoloq 4 gün ərzində ABŞ-ın xüsusi mütəxəssisləri tərəfindən hibrid şəkildə təşkil olunan Koqnitiv işləmə terapiyası təlimlərində iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və s. istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar. Burada iştirakçılar 12 sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı 4 PTSP diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın 6 ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək.

Layihə müddətində Azərbaycan dilində məlumat portalının yaradılması, portala diaqnostik alətlərin və materialların, habelə qiymətləndirmə hesabatlarının daxil edilməsi, KİT və YEM kitablarının Azərbaycan dilində nəşri, həmçinin Azərbaycan dilində YET üzrə mobil tətbiqin yaradılması planlaşdırılır.

Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.