CƏMİYYƏT


Şəhid anası: Apardığı uğurlu siyasətdə hamımız Prezidentə dəstək olmalıyıq

Bakı, 5 fevral, AZƏRTAC

Erməni quldurlarına qarşı gedən döyüşlərdə xalqımızın qeyrətli oğlanları silaha sarılaraq Vətən torpağının müdafiəsinə qalxdı. Onların arasında minlərlə döyüşçü bu yolda həyatını qurban verərək şəhidlik zirvəsinə ucaldı. Belələrindən biri də Elmar Mirzəyev idi.

AZƏRTAC xəbər verir ki, Elmar 1970-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdu. Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra qardaşı Vüqarla birlikdə Milli Ordu sıralarına daxil olaraq Şuşa, Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü 1992-ci il noyabrın 15-dən 16-na keçən gecə Ağdamın Gülablı kəndində olub.

Anası Natella xanım Elmarın üç dəfə yaralansa da, yenidən döyüş bölgəsinə üz tutduğunu ürəkağrısı ilə xatırlayır: “Övladlarımı Vətənə sədaqət ruhunda böyütmüşəm. Elmarda bu hiss xüsusilə güclü idi. Yağı düşmənin ata-baba torpaqlarımıza yiyə çıxmağı, günahsız adamları qətlə yetirməyi onu hədsiz dərəcədə qəzəbləndirirdi. O, özündən iki yaş böyük qardaşı ilə Qarabağı qarış-qarış dolaşmış, neçə-neçə ağır döyüş əməliyyatlarında iştirak etmişdi.

Sonuncu döyüşdə isə... Yoldaşlarını qorumaq ucun qumbara ilə düşmən əsgərlərini qətlə yetirib. Özü də yaralanaraq əsir düşüb. Ermənilər nə qədər çalışsalar, işgəncə və əzab versələr də, döyüş yoldaşlarının mövqeyini düşmənə bildirməyib. Amansız ermənilər onu vəhşicəsinə yandırıblar”.

Elmar belə bir oğul idi...

Sinəsi övlad dağlı ana həmin hadisələri indi də həyəcansız danışa bilmir: “Bizim bircə təsəllimiz belə oğulların qanının yerdə qalmaması ola bilər. Son vaxtlar hərbi sahədə aparılan ardıcıl siyasət, ordunun möhkəmlənməsi, xüsusilə Lələtəpədə, Ağdərə və Naxçıvan dağlarında aparılan uğurlu əməliyyatlar bu arzumuzun həyata keçməsinə olan inamı xeyli artırıb.

Şəhid ailələrinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev dedi ki, Qarabağ məsələsini danışıqlar yolu ilə həll etməyə çalışırıq. Lakin onu da söylədi ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür”.

Həmin görüşdə dövlət başçısının bir sözü də yaxşı yadımdadır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir”. Ali Baş Komandanın bu sözləri təkcə mənim yox, hamının ürəyincə oldu. Apardığı uğurlu siyasətdə hamımız, bütün ölkə sakinləri Prezidentə dəstək olmalıyıq. Bir şəhid anası kimi dövlət başçısına göstərdiyi bu diqqətə və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəyə görə təşəkkür edirəm”, - deyə Natella xanım bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.