MƏDƏNİYYƏT
“Şəhid şəhər” uşaq rəsm müsabiqəsi davam edir
Bakı, 1 fevral, AZƏRTAC
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi davam edir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir.
İştirak etmək istəyənlər öz sənət əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək .
Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqənin yekun sərgisində nümayiş olunacaq.
Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif ediləcəklər.